Читать QIRMIZI BÖYÜRTKƏN
Qırmızı böyürtkən
Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…
Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.
Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.O vaxtlar kənddə iki böyük ev var idi. Biri sədrin idi, o birisi isə kənd məktəbinin direktorunun.
Amma illər keçdi… Əvvəlki quruluş dağıldıqdan sonra sərhədlər açıldı. Bütün ölkədən, elə bu kənddən də sərhəddin o biri tərəfindəki ölkəyə gediş -gəliş asanlaşdı.Sərhəddə böyük gömrük məntəqəsi açıldı.
İndii kənddə çox şey dəyişmişdi.Kənd camaatının geyimindən tutmuş, bəzi adətlərinədək.Hər gün də kəndin ortasından keçən ana yol ilə bir-birindən qəşəng, rəngarəng traylerlər şütüyürdü. Çox uzaq ölkələrdən yola çıxıb ta şimala kimi gedib çıxan traylerlər…
Amma kənddə bir şey dəyişməmişdi. Bu da yenə enli yol boyu, hər kəsin həyət qapısı ağzında düzülmüş içəriləri böyürtkən dolu vedrələr…
qırmızı börütkənBu kənddə bir qeyri adilik də vardı.Bu da onda idi ki, kənddə əsasən qırmızı böyürtkən bitirdi. Qara böyürtkən tək-tək adamların həyətlərinin ətrafında kök salmışdılar. O vaxtlar qara böyürtkənlərə tələbat daha çox idi. Daha da baha satılırdı. Şəhərdən gələnlər əsasən qara böyürtkən almaq istəyirdilər.Və bu kənddə ən çox qara böyürtkən kolları olan həyət Ünalın ata-anasının yaşadığı həyət idi. Ünal sərhədlər açıldıqdan xeyli sonra doğulmuşdu…
İllər keçdi… Ünal böyüdü… İki gündən sonra onun oxuduğu məktəbdə son zəng olacaqdı.Ünal on birinci sinifi başa vuracaqdı.
O, həyətlərindəki qoca tut ağacının gövdəli budağı üstündə oturub dünyanın ən şirin tutlarından yeyə -yeyə kəndin o biri tərəfində yerləşən evlərə doğru baxırdı. Uzağa dikilmiş gözlərini oradan çəkməməyə onu məcbur edən hər an, hər saniyə sevgilisi Paknuru görmək ümidi idi. Paknur onunla bir sinifdə oxuyur. Hər gün də onu məktəbdə sinif otağında lap yaxından görür. Amma o, Paknuru görməkdən doymur.
Paknuru sevdiyini hələ səkkizinci sinifdə qıza demişdi. Paknur ona nə hə cavabı vermiş, nədə ki, yox söyləmişdi. Eləcə yam-yaşıl gözlərini sinif otağının pəncərəsindən məktəbin arxasındakı ərik bağına doğru dikib:
–Mən ingilis dili müəlliməsi olacağam,– demişdi.
O da pəncərəyə doğru addımlayıb Paknur ilə yanaşı durdu.Aman Allah! Bu qız necə də gözəl idi. Sevgilisi bəlkə də kəndlərini dövrəyə alan dağlardakı çiçəklərdən daha təzətər, xoş qoxulu və cazibədar idi. İndii bu gözəlliyə heyran olduğu məkan, sinif otağı onun üçün ən müqəddəs, ən mərhəm və doğma yer idi. Məhz burda, sinif otağında o Paknura öz sevgisini bəyan etmişdi.Odur ki, Ünal da çox düşünmədən, -Mən də müəllim olacağam,-dedi.