Читать Nar çubuğu
Qırğıgöz Səməndər
Qızmar yay günləri bir-birini əvəzlədikcə Qırğıgöz Səməndərin yuxusu ərşə çəkilirdi. Belə istilərin sonu mütləq yağışla müşahidə olunacaqdı. Bircə dəfə, lap elə bircə saatlığa da olsa yağış yağmalıydı, özü də şıdırğı. Dədə-babadan sınaqdan çıxartmışdılar. Zəmidə biçilmiş ot mərəyə daşınmasaydı, qalıb islana bilərdi. Yağış aramsız yağsaydı lap qaraldıb çürüdə də bilərdi, ondan sonra da at getsin, hansı heyvan çürümüş, kiflənmiş, qaralmış ota ağız atacaqdı?
Odur ki, tezdən obaşdan durub üz qoydu qonşu kəndlərə, at, qatır axtarmağa. Kimə üz tutdusa, əli boşa çıxdı. İndi işin qızğın çağıydı, hamı qışa tədarük görürdü, ot, yarpaq daşıyırdı. Kənd yerində kim idi kimə at, qatır verən. Nə olsun ki, ona söz vermişdilər…
Beləcə, Qırğıgöz Səməndər üç gün gəzdi, tanıdığı, sözünün keçəcəyini güman etdiyi yeddi-səkkiz kəndə baş çəkdi, ancaq niyyəti hasil olmadı. Kəndlərindən də xeyli aralanmışdı, bəlkə də otuz-qırx kilometrdən çox olardı. Əli ətəyindən uzun kor-peşman geri qayıdırdı. Bir xeyli yol gəlib yorulmuşdu, necə deyərlər, lap əldən-ayaqdan düşmüşdü, dizlərində taqət qalmamışdı, daha ayaqları da sözünə baxmırdı. Aclıq da bir yandan əhədini kəsirdi, ürəyi uçum-uçum uçunurdu.
Axşamtərəfi olardı. Qarayazı meşəsinin girəcəyində tüstü qalxdığını gördü. “Balam, bu nə tüstü ola bilər? İndi buralarda ferma-zad da qalmayıb, hamısı Gədəbəyin, Şəmşəddinin, Borçalının yaylaqlarına qalxıb”, – deyə fikrindən keçirdi.
Vaxt itirməyib tez özünü yetirdi ora. Nə görsə yaxşıdır?!
Gördü ki, yaşı qırx-qırx beş arası qıvrımsaç, şeşəbığ bir adam ocaq qalayıb, özü də ocaqdan bir az aralıda süfrə açıb oturub nahar eləyir. Atı da ondan bir az aralıda otlayır.
Lap yaxına gəldi, baxdı ki, süfrə, nə süfrə. Kartof, yumurta soyutması, pendir, yanında da təzə göy-göyərtisi; çöl kişnişi, xəzəz, kəvər… Ürəyindən keçdi ki, bir “nuş olsun” deyib özü də süfrəyə əyləşsin. Tez də fikrindən daşındı: “Ey dili qafil, bu adam bura adamı deyil, nabələddir, görünür, gecəni də burda qalacaq, ocağı da qalayıb ki, mığmığalar, ağcaqanadlar, ditdililər gəlib onu yeməsin…”.
– Nuş olsun! – dedi və ucadan, özü də yoğun səslə soruşdu. – Ay adam, kimsən, buralarda nə gəzirsən?
Adam tez özünü yığışdırdı, elə zənn etdi ki, gələn meşəbəyidir, bir az qorxuya düşdü.
– Nə eləyəcəm? Heç nə. Görürsən ki, çörək yeyirəm. – Nə fikirləşdisə, sözünə bir az ara verib dedi. – Ajdığın var, gəl qonaq ol.
Qırğıgöz Səməndərə də elə bu lazım idi. Tez çöməlib oturdu süfrənin qırağına. Lavaşı götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə şirin-şirin çeynəyib uddu. Arxasınca kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını bərkitdi. Gözlərinə işıq gəldi.
– Süfrən açıq, ruzin bol olsun! – dedi.
Gözlərini süfrədən qaldırıb aralıda otlayan ata baxdı. “Pərvərdigarə! Sən heç vaxt məni darda qoymamısan, dar macalda olsa da özün imdadıma yetmisən. Şükür yaranışına!”. Ürəyində Tanrıya qabağına çıxartdıqlarına görə dua etdi.
Nəzərlərini bir xeyli atın üzərindən çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə yerə, ancaq çap. Adam heç belə ata yük vurmağa da qıymaz. Bəs neyləməli? Məcburiyyət insanı çox şeyə vadar edir. Gəl indi qismətindən qaç. Tanrı özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da başında. Cilovun ucuna bir kəndir bağlanıb. Kəndir gəlir-gəlir, adamın ayağının yanında yerə basdırılmış dəmir mıxçaya bağlanır.