⇚ На страницу книги

Читать Qəm yağışı

Шрифт
Интервал

1-ci povest: Məhəbbətin gözü kor deyil

Dumanla doldurub dünya üzünü,

Yatırtdım eşq ilə ağlın gözünü.

(Nizami Gəncəvi)

Mən sizə sevginin gücünün nəyə qadir olduğundan danışmaq istəyirəm. Hansımız fəxr etməmişik gənclik sevgimizlə? Hansımızın qəlbimizə dolmayıb məhəbbətin gözəgörünməz, şirin-şəkər dalğaları?

Sevmək Yaradanın bizə bəxş etdiyi və dəyəri heç nəylə ölçülə bilməyən dahi bacarıqdır. Qarşılıqlı məhəbbətin sevincini, sevmək və sevilmək sevincini, məgər sözlə ifadə etmək olarmı?

Məhəbbət həyatın, taleyin gedişatıdır. Bu gedişatın hansı istiqamətdə gedəcəyi isə bir çox faktorlardan asılıdır.

Həyat paradokslar toplusudur. Bəzən məhəbbət bar verən bağa çevrilir, iki sevən ürək qoşa bağbanlıq edirlər həmin sevgi-məhəbbət bağına, xoş məcaralar bağına. Əfsuslar ki, bəzən də, sevdamızın yaşadığı məkan bir qəm çanağına çevrilmiş ürəyimiz olur. Və olur ki, "həyat" adlandırdığımız zərif xətt ortadan iki qırılır. Bu hekayətdə olduğu kimi…

1-ci hissə

Gözəl bir dövr idi. Bahalı komfortlu avtomobillər, internetlər, kompyuterlər yox idilər. Hələ hamı bir-birinə qonaq gedirdilər, kitablar oxunardı, sevənlər sevgililərini kinoya dəvət edirdilər.

Sevgi həmişə var. Amma, kim nə deyir-desin, Sovet dövrünün verdiyi tərbiyə daxilində qurulan, yaranan sevgi bu günkü sevdalardan fərqli idi. Riyazi hesablama təsiri yox idi bizim məhəbbətimizdə. Hələlik saf, təmannasız – yalnız sevən ürəyin əmrinə tabe olan məhəbbətlər yaşayırdı ürəklərdə.

Baysalla eyni yataqxanada qalırdıq. Bir parkda da işləyirdik, mən sürücü idim, Baysal elektriklik edirdi. Qazaxıstanın Çimkənt vilayətindən idi. Görkəmcə qəşəng deyildi, qarayağız, burnunun enli ucu dördkünc bir insan idi. Gülər üzlü, duzlu zarafatları, mәrdliyi, nəcibliyi, düz danışmağı ilə әksәriyyətin mәһəbbәtini qazanmışdı. Çox güclü və dəmir bədəni, dəmir pəncələri var idi. Nəyi sıxıb tutsaydı, əlindən almaq çətin söhbət idi. Əlləri əsil dəmirçi əli idi. Keyfdəydim, klubda dava olsun, yataqxanada lap qırğın olsun, vecimə deyildi. Baysal məsələni hər vaxt bizim xeyrimizə həll edirdi. Rəqiblərin say çoxluğu bu insanı heç vaxt maraqlandırmırdı. Bir dəfə noyabr bayramı axşamı ikimiz də TEM-2 – nın yataqxanasında təşkil olunmuş bala getmişdik. Bizim yerli qızlarla rəqsimiz, deyəsən, buranın cavanlarının planlarına uyğun deyildi. Gah qabağımızda durardılar, gah bizi çiyinləri ilə itələyirdilər, ünvanımıza söz atırdılar. Vəziyyət bir azdan çox ciddiləşdi, bir-iki xırda çəkişmələrimizdən sonra azından 25–30 nəfər bizi əzişdirməyə hazır idilər. Və Baysal vəziyyətdən çıxış yolu tapdı. O vaxtlar klublarda, rəqs zallarında 3–4 yerli taxta oturacaqlar olurdu. Baysal bu oturacağı izdihamın qabağında elə məharətlə fırladırdı ki, san ki, karandaş idi. Yıxılan-yıxıldı, yıxılmayan qaçdı, aralandı. Oturacaq Baysalın qoltuğunda, çıxdıq çölə. Heç kim bizə yaxınlaşmağa cəhd etmədi. O gündən biz buranın hörmətli iştirakçılarına çevrildik…

Baysal idman zalına yazılmışdı, karate bölməsinə. Axşamlar gedib gələrdi. Mənim də karate bölməsinə getməyim üçün əlindən gələn bütün vasitələrdən istifsdə edirdi. Psixoloji, mənəvi təsirlərin rəngbarəngliyi sərhəd bilmirdi. Uşaqlıqdan idmanla çox da dostluq etməyən mən tək bir insanın karateyə getməsi mənim özümə gülməli görünürdü. Axır ki, bir neçə psixoloji hücumdan sonra, mən razı oldum. Boş axşamlarım olanda Baysala qoşulub gedirdim idman zalına. Mənim bu cəld insanlara qoşulub tullanmağım, köbələk tək yuvarlanmağım, diz üstə qaçmağım onunla qurtardı ki, mən qəti olaraq idmandan uzaq insan olduğumu başa düşdüm. Doğrudur, bu anlayışın kəlləmdə yer tutmağında təlim vaxtı aldığım bir – iki təpik zərbəsi də böyük rol oynadı.