Müəllif haqqında
Rza Əli oğlu Hüseynov Mirzadə 3 yanvar 1970-ci ildə Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.
1978-85-ci illərdə Alıqulu kənd səkkiz illik məktəbində, 1985-87-ci illərdə Pircahan kənd orta məktəbində təhsil almışdır.
1987-ci ildə Pircahan kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
1988-90-cı illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur.
1992-ci ilin fevralından həmin ilin avqustuna qədər könüllü olaraq Laçın ərazi müdafiə batalyonunda qulluq etmişdir.
1997-ci ildə İstanbul Universitetinin Meşəçilik fakültəsini bitirmişdir.
Ailəlidir, iki övladı, bir nəvəsi var.
Laləm mənim
Sevinc gərək İlahidən pay ola,
Axşam düşdü, göydə gərək ay ola,
Gözəllikdə varmı sənə tay ola?
Laləm mənim, arzum mənim, sevincim.
Arzu etdim gərək olasan həkim,
Məhəbbətim qəlbimə olub hakim,
Nə olaydı, yar yolunda qəm çəkim,
Laləm mənim, arzum mənim, sevincim.
Seyid deyər yarım ürkək ceyrandı,
Lalə qəlbim ancaq sənə bağlandı,
Bu sevgidə Leyli Məcnun yalandı,
Laləm mənim, arzum mənim, sevincim.
İyul, 1988.
Mirnıy, Arxangelsk
Qaragözlüm
Çat qaşını bir mənə bax,
Yaxma məni Qaragözlüm!
Şirin dilli, ay al yanaq,
Yaxma məni Qaragözlüm!
Çöhrən gülsün, ala dönsün,
Ağızda dil, bala dönsün,
Gözüm incə xala dönsün,
Yaxma məni Qaragözlüm!
Sürmən işvə nazın olsun,
Nəğmən telli sazın olsun,
Gül-çiçəkli yazın olsun,
Yaxma məni Qaragözlüm!
Dağ qayayam çayım sən ol,
Bir gecəyəm, ayım sən ol,
Qarlı qışam yayım sən ol,
Yaxma məni Qaragözlüm!
Ətirli bir baharımsan,
Sərin, şehli səhərimsən,
Sevgi adlı bəhərimsən,
Yaxma məni Qaragözlüm!
Bir ağacsan, yarpağınam,
Sənə məkan- torpağınam,
Köməyinəm, dayağınam,
Yaxma məni, Qaragözlüm!
Sən günəşsən mən şüanam,
Duaçısan mən duanam,
Baxışından tək doyanam,
Yaxma məni, Qaragözlüm!
Sən Seyidin ilhamısan,
Həm adısan, həm sanısan,
Sən həyatın tamamısan,
Yaxma məni, Qaragözlüm!
Dönsün
Şux boyunu, gül üzünü,
Göstər qəlbim dağ dönsün,
İsit məni, qır buzumu,
Könlüm barlı bağa dönsün.
Gülqoxunu udum doyum,
Başını sinəmə qoyum,
Uzun ildir sənsiz ayım,
Gəl günlərim yaza dönsün.
Həyatımı nura döndər,
Eşqimizi sayaq öndər,
Süz bir məni, qəmzə göndər,
Qara günüm ağa dönsün.
Baxma mənsiz göydə aya,
Eşqim bənzər gur bir çaya,
Qarlı qışam döndər yaya,
Günüm sənli çağa dönsün.
Sənsiz koram, görmür gözüm,
Tükənibdir artıq dözüm,
Dilimdə sən şəkər sözüm,
Gör ki gözüm sağa dönsün.
Sənə qəlbim payım olsun,
Sənli günüm, ayım olsun,
Sənsiz acam, doyum olsun,
Demə Seyid ağa dönsün.
30.06.1995
İstanbul
Gülüm
Uzaqdasan sənə çata bilmirəm,
Eşqimizi başda ata bilmirəm,
Bəxtimizə vüsal qata bilmirəm,
Ver əlini mənə barışaq gülüm.
Mən sənə sarılım, sən sarıl mənə,
Çıxaq nəğmə qoşaq gülə, çəmənə,
Xərcləməyək eşqi çərə-çəmənə,
Eşqin sevdasıyla alışaq Gülüm.
Soldurmayaq eşqimizin gülşənin,
Məcnununam ay gülüzlüm tək sənin,
Sən Leyli ol, bilqədrini sevənin,
Sevə-sevə uçaq, yarışaq gülüm.
13.04.1996
İstanbul
Tənhalıq
Qürbət eldə qəlbi qırıq bir quşam,
Başım üstün aldı yaman tənhalıq,
Donub qaldım, sanki soyuq bir qışam,
Ayrılıqdan yandım, aman tənhalıq.
Hara baxdım bir çıxılmaz tindəyəm,
Elə bil ki əlsiz, qolsuz kündəyəm,
Elin həsrətiylə yaman gündəyəm,
Hər tərəfim çiskin, duman tənhalıq.
Doğmalara çatmır əlim, uzağam,
Səbəb mənəm, öz-özümə tuzağam,
Təsəllimdir haqq yolunda üzüağam,
Yaddır mənə saxta, yalan tənhalıq.