Yolçusuz yolların yolçusu
Mən Vahidi 70-ci illərin sonlarından, tələbə ikən tanıyırdım. Təbinə də bələd idim. Ağrısını, yanğısını da bilirdim. Son illərə kimi özündən, sözündən xəbərsiz idim.
Bu dəfə onu şeirlərindən tanıdım. Artıq şeirləri də özü kimi müdrikləşib. Şeirlərinin saçları da öz saçları kimi ağarıb. Mehribanlığı isə həmənki kimidi.
Vahid Çəmənlinin mənə təqdim etdiyi bu kitabdakı şeirləri onun indiyədək oxuduğum şeirlərindən üslub və yanaşması ilə fərqlənir. Son vaxtlar daha çox qoşmalar yazır. Yaxşı da alınır. Hansı formada yazmağın fərqi yoxdur. Əsas olan özünü lazımca ifadə etməkdir.
Vahidin şeirlərində məni ən çox özünə çəkən onun vətən mövzulu, vətən həsrətli şeirləridir. Bu bəlkə də çəkdiyimiz dərddən, ağrıdan doğur. Həsrətin, ayrılığın, hissin doğmalığından gəlir. İstənilən itki, yoxluq adamı ağrıdır. Yurd, vətən – Qarabağ itkisi isə tam başqadır.
Nə yaxşı ki, Vahidin doğulduğu Çəmənli kəndi işğal altında deyil. Vahid kəndinə gedə bilir. İlk addım atdığı torpağı yenidən addımlayır. O yollar, cığırlar onun uşaqlıq xatirələrini oyadır. Amma Vahid də Çəmənlidən əlini uzatsa çata biləsi Ağdama, Şuşaya, baba yurdu Kəlbəcərə hələ də həsrətlə baxır. Bu baxış Vahidin içini yandırır.
Vahidəm, fəryadım döndü ağıya,
Kim verdi fürsəti acgöz yağıya?
Cənnət məkanımı verib dığaya
Səhrada komalar tikirəm indi.
və ya
Əhvalın necədi, ay tənham, təkim?
Yolçusuz yollarım,
Dağılan səkim.
Sənin həsrətini nə qədər çəkim?
Yağının əlində əsir Ağdamım.
Vahidin bayrağa sevgisi də özünəməxsusdur:
Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəyimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.
Vahid Çəmənlinin şeirlərində səmimiyyət var. Özü necə danışırsa, şeiri də adamla eləcə, səmimiyyətlə, ədəblə danışır. Hətta deyişmələri də…
Əlindən qum kimi süzülüb axdı,
Hesabı qum qədər olan günlərin…
Ağrısı, acısı canını yaxdı,
Vədəsiz açılıb solan günlərin.
Vahidin ruhu oxşayan, sadə dildə yazılmış gözəl şeirləri var.
«Gəlir» şeirində yazır:
…Söyüdlər üstümə sallayıb çətri.
Məst edir nanənin, yarpızın ətri,
Sinəmdə çağlayır nəğmənin sətri,
Ağ vərəq üstünə şirin söz gəlir.
Vahid, içimdədi harayım, hayım…
Yanır, külə dönür məhəbbət payım.
Qayğımı çəkməyə yox əmim, dayım,
Nə Sakit yetişir, nə Çingiz gəlir.
İndiki qarışıq dünyada qayğını çəkməyin çətinliyi başa düşüləndi. Amma inanıram ki, Vahidin şeirlərinin daxili səsini eşidənlər çox olacaq.