Читать Gecə xəyalları
© Rəfail Tağızadə, 2020
ISBN 978-5-4498-4368-5
Создано в интеллектуальной издательской системе Ridero
Rəfaİl Tağızadə
Gecə xəyallaRı
İllər öncəsi Rəfail Tağızadənin şeirləri haqqında yazdığım essedən bəzi fraqmentləri bir daha oxucularımız və şairin özü üçün xatırlatmaq istərdim. Rəfail Tağızadə Qarabağda doğulub boya-başa çatıb, indi o tutya torpaqlarımız düşmən işğalına məruz qalıb. Rəfail bir qatara bilet alıb döğulduğu yerə gedə bilmir. Orda kənd qəbiristanlığında şairin ulu babalarının məzarı başında yasin oxuyan yoxdu…
Rəfail Tağızadənin şeirləri reallığı, yəni Qarabağ reallığını fotoqrafik bir dəqiqliklə əks etdirir. Bəzən rakuslar dəyişir, işıq-kölgə effektləri biri-birini əvəzləyir, amma ağ-qara fotolara bənzəyən şeirlərin üzərində qan izi gördüm…
R. Tağızadənin ilk kitabı «Qapı» -2004-cü ildə çap olunub. Mən Rəfailin iki kitabının redaktoru olmuşam və o əl boyda iki şeir toplusuna ön söz yazmışam.
İndi dostumuz üçüncü kitabını çapa hazırlayır. Atalarımız üçdən deyiblər, amma könül istərdi ki, yeddi desin. İnşallah, şairin yeddinci kitabı ilə öz oxucularını sevindirəcəyi günləri də görəcəyik. Və hər dəfə şair bizim üzümüzə yeni bir «QAPI» açacaq.
Nədənsə Aydın Əfəndini, Nizami Aydını xatırladım, hər iki istedadlı şairin ilk kitabları ölümlərindən sonra çap olundu. Doğrudan da ölümündən sonra başlayır şair ömrü. On beş yaşında ilk şeirləri oxucuların diqqətini cəlb edən Əhməd Mühib Dranasın ilk kitabı yarım əsrdən sonra 65 yaşında yayınlanıb. «Həsrətindən kələbçələr (qandallar) çürütdüm» – deyə dünyaya və insanlığa bağıran, bəlkə də pıçıldayan Əhməd Arifin sağlığında bir kitabı vardı. Şairin ölümündən sonra bu kitab düz otuz iki dəfə çap olundu.
* * *
Mən fatalist adamam, Taleyə, metofizik olaylara və əlamətlərə səmimi-qəlbdən inanıram. Rəfail Tağızadə ilə fəlsəfi-estetik baxışlarımız, vərdişlərimiz, üslublarımız fərqli ola bilər, amma qəlbimizə və misralarımıza eyni yerdən, eyni işıq düşür.
Bəzi tənqidçilərimiz kimi poeziyaya, ümumiyyətlə incəsənətə rasional düşüncəylə yanaşmıram. Mən hardasa bohem adamam və bütün bohem adamlar kimi spontan, intiutiv bir həyat yaşayıram. Aydın Əfəndinin, Fəyyad Xamisin, Andrey Voznesenskinin, Nazim Hikmətin, Atilla İlhanın, səkkizinci əsrdə yaşamış çin şairi Van Veyin, fələstinli Mahmud Dərvişin və Vaqifin (V.B. Odər) şeirləri, Qoyyanın, Van Qoqun, Maqrittin, Sezannın, Bəhlulzadənin və Mircavadın tabloları, Alfred Şinitkenin, Con Lenonun, Morissonun, Loqrenin və iyirmi beş yaşlı Türkər Qasımzadənin musiqisi ən ağır, ən kədərli anlarımda mənim sirdaşım olub.
…Rəfail Tağızadə ilə ilk tanışlığımız yaxşı yadımdadır, yaxşı yadımdadır ki, ilk görüşümüzdən sonra uzun illərin dostları kimi ayrılmışdıq.
2004-cü ildə Rəfailin ilk kitabı işıq üzü gördü. Əslində bu kitabda toplanmış şeirlərin üzünə çoxdan işıq düşmüşdü. Rəfail poeziya sevərlərin üzünə bir «QAPI» açmışdı və bu QAPIDAN süzülən işıq şüası onun şeirlərinə, misralarına, sözlərinə hopmuşdu. Onun ilk kitabı Ömür adlı şeirlə açılır. Deməli, Rəfail QAPI arxasında bir şair, bir vətəndaş ömrü yaşayır.