⇚ На страницу книги

Читать Hər şey yaxşıya doğru. Şerlər və lirik lövhələr

Шрифт
Интервал

© Vahid Çəmənli, 2018


ISBN 978-5-4485-2753-1

Создано в интеллектуальной издательской системе Ridero


Bu kitabı atam Valehin və anam Pərizadın xatırəsinə həsr edirəm

Mənİm anam…

Qədriyyə Çiçəyin «Mən anayam» publisistik əsərini birnəfəsə oxudum. İlk baxışdan sadə görünən bu əsərdə nələr vardı? Əqli cəhətdən sağlam olmayan övladını cəmiyyətə layiqli fərd, savadlı, bilikli insan kimi yetişdirmək üçün illərlə hər məşəqqətə qatlanan, həkimlərə müraciət etməklə kifayətlənməyib özü də oxuyan, araşdıran bir ananın ağrılı-acılı, eyni zamanda şərəfli həyatı təsvir olunmuşdu. Heyrətdən donub qalmışdım. Bu nə idi, İlahi? Borc idimi? Vicdan çağrışı idimi? Allahın hökmünə boyun əyərək öz yükünü axıra qədər çəkmək vəzifəsi idimi? Bilmirəm. Bəzən çəkdiyi əzablardan bezib asi olan insanlar da görmüşəm. Bəzən səbrini cilovlaya bilməyib partlayan, yanan insanlar da görmüşəm. Amma övladı yolunda çəkdiyi zəhmətlərdən bezən ana görməmişəm. Çox qədim bir əfsanə var:

Ana bətnində son saniyələrini yaşayıb bu dünyada uzun yolçuluğa hazırlaşan bir körpə Allahdan soruşur:

– Allahım, dünyaya göz açacağam, amma orada nə edəcəyimi bilmirəm.


– Mən sənin üçün bir mələk yaratdım, O qayğına qalacaq, -deyir Allah.

– Allahım, mən insanların dilini bilmirəm axı?!. Onlara dərdimi, istəyimi necə başa salacam?

– Sənin üçün yaratdığım mələk sənə onların dilini öyrədəcək, -buyurur Allah.

– Allahım, eşitmişəm ki, dünya pisliklərlə doludur. Onlarla necə mübarizə aparacam?

– Sənin üçün yaratdığım mələk öz həyatı bahasına səni qoruyacaq. Narahat olma!

– Allahım, sənin hüzuruna necə qayıdacam?

– Sənin üçün yaratdığım mələk hüzuruma necə qayıtmağı sənə öyrədəcək, -buyurur Allah.

Bu zaman mələklər gəlib uşağın dünyaya getmə vaxtının çatdığını söyləyirlər. Uşaq sonuncu anda qışqırır:

– Adı, Allahım adı. O mələyin adı nədir?

– Adı əhəmiyyətli deyil. Sən ona sadəcə «ANA» deyəcəksən! – buyurur Allah.

Bu ibrətamiz rəvayəti göz yaşları içində oxudum. İçimdən bir fəryad qopdu. Körpə niyə soruşmadı ki, Allahım, bəs mən nə edim? Məni yedizdirib-içizdirən, qədəm-qədəm böyüdən, qayğımı çəkib dünyanın hər bir çətinliyindən qoruyan, əvəzində isə heç nə istəməyən o mələklə necə rəftar edim? Soruşsa, bəlkə də layiqli bir cavab alardı. Lakin Allah insanın dalınca müqəddəs kitablarını ğöndərdi. Bu kitablarda isə hər şey yazılmışdı. «Mən cənnəti ananın ayaqları altında yaratdım.»

Hamı deyir ki, ana müqəddəsdir. Amma, nə gizlədim, biz övladlar bəzən onu incidir, öyüdlərinə qulaq asmır, nəticədə özlərinə zülm edənlərdən oluruq. Uzağa getmək lazım deyil. Mən anamı itirəndə on iki yaşım vardı. Bu on iki ilin xatirələri içimi ğöynədir. Anama verdiyim əziyyətlər yadıma düşəndə məni xəcalət təri basır. Özümə yer tapa bilmirəm. Ana! Mən səni hardan alım? Sənə necə deyim ki, peşimanam? Səsim işimdə boğulur. Harayım kimə, hara çatar? İnsanlara səslənirəm: -Analarınızı sevin. Onun qədrini bilin. Elə yaşayın ki, sonra başınıza döyməyəsiniz. Neçə il qəlbimdə yaşatdığım bir xatirəni sizinlə bölüşürəm. 8 mart 1975-ci il idi. Foye Qadınlar günü münasibətilə al-əlvan bəzənmişdi. Təntənəli bir gecə keçirilirdi. Sevimli müəlliməm Fatmaxanım müəllimə başda olmaqla, hamı burada idi. Gecənin aparıcılarından biri də mən idim. Mahnılar, təbriklər bir-birini əvəz edir, hamı deyir, gülür şənlənirdi. Dostlarım analara həsr edilən şerləri, mahnıları oxuyub gurultulu alğışlar altında səhnəni tərk edirdilər. Heç kimin mənim o ğecəyə hazırladığım sürprizdən xəbəri yox idi. Neçə gün idi ki, onu cibimdə gəzdirirdim. Gecədə dostluğumuzun bünövrəsi elə o gündən qoyulan unudulmaz xanəndə-mənim adaşım Vahid Abdullayev də iştirak edirdi. Budur, dostum analara həsr olunmuş gözəl bir mahnı ilə çıxışını yekunlaşdırıb alqış payını qazanır. Səhnəyə çıxıram. Əlimi cibimə salıb neçə gündən bəri cibimi yandıran dördqat bükülmüş yazını çıxarıram. Bütün baxışlar üzümə tikilib. Hamı intizarla növbəti nömrəni elan etməyimi gözləyir. Mənsə həzin bir səslə deyirəm:– İndi də icazə verin, özümün yazdıgım «Ana» şerini sizə oxuyum. Tamaşaçıların üzündə təəccüb dolu bir maraq var. Fatmaxanım müəllimədən başqa… O mənim azdan-çoxdan nəsə yazdığımı bilirdi. Amma bu dəqiqə burada oxunacaq şerdən onun da xəbəri yox idi. Bu şer mənim neçə il sinəmdə gəzdirdiyim anasızlıq dərdinə, anasız qalan dünyama bir üsyan idi. Yad şəhərdə, ana nəvazişinə həsrət qala-qala yaşadığım, cibimdəki beş qəpiyi çörəyə verib uzun bir yolu piyada getməyə məcbur olduğum anlarımda yazmışdım. Şeri oxuduqca qəhər məni boğur, səsim titrəyirdi. Gözlərimdə gilələnən yaş vərəqdəki yazıları görməyə imkan vermirdi. Buna gərək də yox idi. Şeri yazdığım andan əzbərləmişdim. Buna şer də demək olmazdı. Bu neçə illər anasız yaşayan bir gəncin fəryadı idi. Mən bu sətirləri, bu anda mən dərdə olan insanlar üçün oxuyurdum. Bəlkə də, onların qəlblərindən keçirdikləri, lakin deyə bilmədikləri sözləri deyirdim. (Şer ilk dəfə nə cür yazılıbsa, o cür də çap edilir)